Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının 16 iyunda başlayacağını açıqlayıb. İlahiyyatçı Elşad Miri isə istehzalı şəkildə bildirib ki, “QMİ fətva verməsə, ölkəyə nə Ramazan girəcək, nə Novruz, nə də Zilhiccə”. Paylaşım dini təqvimlərin müəyyənləşdirilməsində dini qurumların rolu ilə bağlı yeni müzakirələrə səbəb olub. QMİ Məhərrəm ayının başlanğıc tarixinin Türk Dövlətləri Təşkilatının müvafiq fətva qurumunun təqvimi və Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında müəyyən edildiyini açıqlayıb.
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Hicri-qəməri aylarının müəyyən olunması ənənəvi olaraq yeni Ayın görünməsi ilə bağlıdır:
“Ayın hilalı görünsə, istər Ramazan, istər Məhərrəm, istərsə də digər qəməri ayların başladığı qəbul edilir. Hilal görünmədikdə isə ayın daxil olması təsdiqlənmiş hesab olunmur. Bu, şəriətin müəyyən etdiyi qayda və hökmdür. Digər tərəfdən, müasir dövrdə elm və texnologiyanın inkişafı ayların müəyyənləşdirilməsində daha dəqiq hesablamalar aparmağa imkan verir. Bu baxımdan, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi elmi məlumatlar da nəzərə alınır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası həmin elmi əsaslara istinad edərək müvafiq fətvalar verir və ayın daxil olduğunu elan edir”.
R.Qarayev əlavə edib ki, QMİ kifayət qədər nüfuzlu dini qurumdur:
“Qurumun rəhbəri olan şeyxülislam Allahşükür Paşazadə beynəlxalq səviyyədə tanınan şəxsiyyətdir. Buna görə də bəzi hallarda müzakirə mövzusu Ayın görünməsi deyil, daha çox şeyxin və Qazılar Şurasının verdiyi qərarların mübahisələndirilməsi olur. Bəzən nüfuzlu şəxslərin və qurumların qərarlarına etiraz etməklə bəzi şəxslər özlərinə diqqət çəkməyə və nüfuz qazanmağa çalışırlar. Bu səbəbdən belə məsələlərə emosional deyil, həm dini, həm də elmi əsaslar çərçivəsində yanaşmaq, verilən qərarları diqqətlə qiymətləndirmək vacibdir”.
Zaira Akifqızı
Globalinfo.az