İrəvan ciddi şəkildə hazırlaşır: revanş üçün inanılmaz taktika – FAKTLAR

“Məğlub ölkə ilə bağlı bəzi rəqəmləri paylaşmaq qərarına gəldim. Çoxu düşünür ki, Ermənistan “yatıb”, yaxud başı qarışıb. Əslində isə elə deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, Ermənistanın İT sektoru ilə bağlı yeni rəqəmləri paylaşıb və İrəvanın revanşa hazırlaşdığını iddia edib:

“1. Bu ölkənin rəsmi hesabatına görə, 2022-ci ildə İKT-nin dövriyyəsi 1 milyard dollar olub. Ötən ilə nisbətən sektorda 65% artım yaşanıb. Son 5 ildə artım 239% olub.

Hazırda sektorda təxminən 3500 şirkət və 20 min işçi çalışır.

ÜDM-in 5%-i İT yönümlüdür. Yaxın illər üçün 10 dəfə artırmağı hədəfləyiblər.

Yəni Ermənistan yaxın illərdə büdcəni əsasını İT-dən formalaşdırmağı nəzərdə tutub.

2. Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkəyə 118 min insan relokasiya edib (rəsmi statistikadır), əksəriyyəti İT sektora fokuslanıb.

Bu ölkənin İT sahəsi üzrə rəsmilərin çıxışlarından görmək olar ki, müharibədən sonra Rusiyadan olan təxminən 1000 şirkət Ermənistanı seçib.

3. Ötən ay “Team Telekom Armenia” operatoru Gürcüstanın əsas telekom operatorlarından olan SkyTel-in 30% aksiyasını alıb.

4. Ermənistan telekom infrastrukturunun əsas sahibi, Rostelekom-un GNC Alfa şirkəti bu ölkədə nəhəng Data Mərkəz tikir. Gələn il istifadəyə veriləcək.

Ötən ay İrəvanda 125 milyon dollar dəyərində “Dalan” Texno Mərkəzin də bünövrəsini qoyublar.

5. EPAM-dan sonra yenicə trilyonerlər sırasına qatılan ABŞ-ın NVİDİA şirkətinin rəhbəri bir müddət öncə Paşinyanla görüşüb və bu ölkədə şirkət açıb.

6. Bir neçə gün öncə qlobal StartupBlink tədqiqat mərkəzinin hesabatına görə, Ermənistanın startap və innovasiya mühiti regionda xeyli güclənib, 100 ölkə arasında 57-ci yerdədir. Maraqlıdır ki, müharibədən sonra 10-15 pillə geriləyən Ermənistan iki il ərzində yenidən əvvəlki yerini bərpa edib.

Diaspor bu sektora böyük pullar ayırır.

Təkcə bu ilin 3 ayı ərzində, Ermənistan startapları 47 miln dollar investisiya alıblar. Milyardlıq startapları var.

7. Ötən il İspaniyanın SATLANTİS şirkətinin köməyi ilə ArmSat1 müşahidə peykini orbitə qaldırıblar. İndi idarəetmə mərkəzi tikirlər. 2028-ci ilədək daha 2 peyk hazırlamağı hədəfləyiblər.

8. Cari ildə “Telecom Armenia” 700 Mgh tezlikdə, “MTS Armenia” isə 800 Mgh tezlikdə hökumətin 5G lisenziyalarını alıblar və hazırda infrastruktur qururlar.

Bir daha qeyd etmək istərdim, bütün bunlar yeni, MÜHARİBƏDƏN SONRAKI illərin məlumatlarıdır.

Yəni İkinci Qarabağ savaşından məğlub çıxan ölkə tam sürətlə toparlanır.

Bu məlumatları da ona görə paylaşdım ki, hökumətimiz, elə hamımız fərqində olaq ki, düşmən ölkə “yatmayıb”.

Yaxın perspektivdə onlar büdcələrini xeyli artıra biləcəklər. Şübhəsiz ki, revanş götürmək istəyəcəklər. Düşünmək olar ki, sülh sazişinin uzadılmasında onların əsas məqsədləri də məhz bununla bağlıdır. Ümid edirəm, xüsusi xidmət orqanlarımız və hökumətimiz də bunların fərqindədir”.

Zaira Akifqızı
Globalinfo.az