Daha bir ölkə Rusiya ilə müharibəyə hazırlaşır – Medvedev

“Bundesver zabitləri arasında aparılan söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir”.

Globalinfo.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

D.Medvedev Almaniya Hərbi Hava Qüvvələrinin Krıma raketlə hücum planlaması ilə bağlı müzakirədən yayılan səs yazısına münasibət bildirib:

“Bundesver zabitlərinin söhbətini raketlər və tanklar oyunu kimi təqdim etmək cəhdləri qərəzli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi şənbə günü yüksək rütbəli alman hərbçiləri arasında “Taurus” raketlərinin mümkün istifadəsi ilə Krım körpüsünə hücum planları ilə bağlı gizli söhbətin səs yazısının ələ keçirildiyini təsdiqləyib.

Almaniya kansleri Olaf Şolz İtaliyaya səfəri zamanı Krım körpüsünə hücumla bağlı Bundesver hərbçilərinin söhbətinin mübahisəli yazısına  vaxtında aydınlıq gətirəcəyini bildirib. Kansler bu hadisənin “çox diqqətlə, intensiv və sürətlə” araşdırıldığını da vurğulayıb.

Ayşən Mustafa
Globalinfo.az