Medianın “Manşet”i 2 yaşına vardı

10 iyun 2021-ci ildə fəaliyyətə başlayan saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də yer alır.

Globalinfo.az bu münasibətlə Manşet.az-ın təsisçilərindən biri olan Əli Vəliyevlə əlaqə saxlayıb.

O bildirib ki, sayt düz iki il əvvəl özü və Famil Fərhadoğlu tərəfindən təsis edilib:

“Bu günə qədər doğru xəbərlər çatdırmağa çalışmışıq. Bilirsiniz ki, saytlar, media resursları, qəzet və jurnallar kifayət qədər çoxdur. Belə gec bir vaxtda medianın axınına qoşularaq özünü təsdiq etmək çox çətindir.

2 il ərzində milyonlarla insan bizim xəbərlərimizi oxuyub. Bunu statistikadan da aydın şəkildə görmək mümkündür. Bu bir daha onu sübut edir ki, Manşet.az düzgün yoldadır.

Biz bunu necə bacarmışıq? Kifayət qədər ciddi insanlarla, məmurlarla dövlətimiz və millətimiz üçün əhəmiyyətli, eksklüziv açıqlamalar, özəl məlumatlar, dövlət orqanlarında mühüm təyinatlarla, vəzifədən azad olunmaqlarla bağlı xəbərlər vermişik və ona görə də, bu müddət ərzində özümüzü təsdiq edə bilmişik”.

Ə.Vəliyev deyib ki, qərəzsiz olmağa çalışırlar:

“Çalışırıq ki, ədalətli xəbər axını həyata keçirək. Bu müddət ərzində Azərbaycan xalqı bizi seçib oxuyubsa, deməli, biz bunu bacarmışıq. Artıq 2 yaşımızı qeyd edirik. Bu gün Globalinfo.az mediaya gec daxil olsa belə, qısa müddət ərzində özünü təsdiq edərək kifayət qədər auditoriya qazanıb. Elə həmin auditoriya vasitəsilə öz kollektivimizi və oxucularımızın hər birini təbrik edirəm. Biz bundan sonra da reytinqimizi qoruyaraq ən gözəl xəbərləri çatdırmağa davam edəcəyimizə söz veririk”.

Globalinfo.az kollektivi olaraq Manşet.az-ı 2 yaşı münasibəti ilə təbrik edirik. Həmkarlarımıza bol uğur, daha geniş oxucu auditoriyası arzulayırıq.

Zaira Akifqızı
Globalinfo.az