Proses dərinləşir: bu məmurlar da yola salınır – AÇIQLAMA

Azərbaycan iqtidarında hakim komandanın gəncləşdirilmə siyasəti davam edir. Köhnə kadrları 2019-cu ildəki kimi kütləvi şəkildə yola salmırlar, proses tədricən gedir. Məsələn, Cahangir Əsgərov sentyabrın 1-də vəzifədən azad edildi. Mədət Quliyev isə ondan 2 ay 20 gün sonra vəzifədən uzaqlaşdırıldı. Bəzi ekspertlər hesab edirlər ki, hakim komanda növbəti dəfə gəncləşdirilir və yenilənir.

Maraqlıdır, idarəçilikdə qalmış “köhnə qvardiya” təmsilçilərindən daha kimlərin istefaya göndərilməsi gözlənilir? Yenilənmə idarəçilikdə nə kimi dəyişiklik yaradacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanda kadr islahatları uzun müddətdir sistemli şəkildə aparılır:

“Bu islahatlar çərçivəsində yeni kadrların vəzifəyə təyin edildiyinin şahidi olduq. Lakin prosesin əsas etabı sizin də qeyd etdiyiniz kimi, idarəçilikdəki “köhnə qvardiya” təmsilçilərinin uzaqlaşdırılması ilə özünü daha çox göstərməyə başladı.

Ümumiyyətlə, dövr dəyişir və yeni reallıqlar fonunda kadr islahatları zəruridir. Kadr islahatları həm də ümumi sistem islahatlarının tərkib hissəsidir. Torpaqlarımız işğaldan azad edilib. Bu, yeni inzibati islahatları və kadr islahatlarını vacib edir.

Qabil Hüseynli

Prezident İlham Əliyevin xüsusi nəzarətində olan bu islahatlar real nəticələr verir.

Bu gün vəzifədən olan məmurların bəziləri yeni dövrün tələbləri ilə ayaqlaşa bilmir. Bunun nəticəsidir ki, onları yeni kadrlar əvəzləyir. Ümumiyyətlə, kadr islahatlarında önəmli olan məsələ dövlətə sədaqət, şəxsi maraqların üstün tutulmamasıdır. Bu kriteriyalara uyan, habelə Avropa təhsilli, savadlı yeni kadrların təyinatı baş tutur.

Hesab edirəm, proses bundan sonra da davam edəcək. Burada təkcə köhnə kadrların yenilənməsi deyil, həm də dövlətçilikdə əvəzləmə prinsipinin tətbiqidir. Yəni “heç kəs əvəzedilməz deyil” anlayışı qurulmağa çalışılır. Bu baxımdan prosesin ardı olacaq və kadrlar üzərindən həm də sistem yenilənməsinin şahidi olacağıq”.

Turan Rzayev
Globalinfo.az