“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirildi – FOTOLAR

Dekabrın 26-da Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, tədbirdə rəsmilər, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə qonaqlar mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səsləndirilib, təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Bildirib ki, “Mədəniyyətə könül ver!” devizi ilə fəaliyyətə başlayan “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yarandığı bir ildən az dövrdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlərdə yaxından iştirak edib, mədəni inkişaf proseslərinə öz töhfələrini verməyə çalışıblar: “Həmin tədbirlərin bir çoxunun uğurla keçirilməsində məhz siz könüllülərin əzmi, gülərüzlülüyü və yorulmaz fəaliyyəti də yol oynayıb. Mədəniyyət könüllülərinin üzərinə gələcəkdə daha böyük vəzifələr düşəcək. Prezident İlham Əliyevin müəyyən etdiyi və mədəniyyət siyasətinin qayəsində milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanması, maddi və qeyri maddi mədəni irsimizin ölkədə və beynəlxalq səviyyədə təbliği və tanıdılması dayanır. Nazirlik olaraq gözləntimiz “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin bu işdə daha da yaxından iştirak etməsidir. Sizlərə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Faiq Sücəddinov və Xalq rəssamı Ömər Eldarov çıxış edərək mədəniyyət sahəsində könüllülüyün əhəmiyyətindən bəhs edib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğunu bildiriblər.

Sonra 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən “Mədəniyyət Könüllüləri” İB-nin 10 üzvünə “İlin mədəniyyət könüllüsü” mükafatı təqdim edilib.

“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib