Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 110-cu iclası keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Ermənistan bu dəfə də iclasa yüksək səviyyəli nümayəndə göndərməyib. Belə ki, respublikanı MDB İqtisadi Şurasının iclasında Belarusdakı səfir Razmik Xumaryan təmsil edib.
Məhdud formatda keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri MDB daxilində iqtisadi əməkdaşlığın cari məsələləri barədə fikir mübadiləsi aparıb və bir sıra sənədləri nəzərdən keçiriblər.
İqtisadi Şuranın üzvləri MDB Dövlət Başçıları Şurasının 2030-cu ildə milli əhali siyahıyaalmalarının keçirilməsi ilə bağlı qərar layihəsini təsdiqləyiblər. Sənəddə siyahıyaalmaların mümkün qədər 2030-cu ilə yaxın vaxtlarda keçirilməsi, eləcə də nəticələrin müqayisəliliyini təmin etmək üçün sosial-iqtisadi və miqrasiya göstəricilərinin vahid siyahısının hazırlanması tələb olunur.
İclas iştirakçıları Rabitə Sahəsində Regional Birliyin və İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 2021-2025-ci illər üçün fəaliyyəti haqqında hesabatı nəzərdən keçiriblər.
İqtisadi Şura həmçinin 2026-2030-cu illər üçün MDB Dövlətləri arasında Əmək Standartları üzrə Əməkdaşlıq üzrə Konseptual Çərçivənin Tətbiqi üzrə Əsas Tədbirlər Planını təsdiqləyib və rəqabət pozuntularının qurbanları üçün mülki müdafiə üzrə hesabatı nəzərdən keçirib.
2025-ci il üçün MDB ölkələrinin makroiqtisadi inkişaf göstəricilərinə xüsusi diqqət yetirilib. İlkin hesablamalara görə, MDB üzv dövlətlərinin ümumi daxili məhsulu 2,1 faiz artıb. Ümumi işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 9 faiz azalaraq 3,6 milyon nəfərə və ya işçi qüvvəsinin 3,1 faizinə çatıb.
MDB İqtisadi Şurasının növbəti iclasının 11 sentyabr 2026-cı ildə Aşqabadda keçiriləcəyi barədə qərar qəbul olunub.




