MDB yenidən toplanır: iki ölkə qatılmayacaq – SƏBƏB

Oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. MDB-nin baş katibi Sergey Lebedev deyib ki, “Əksər ölkələr iştirakını təsdiqləyib. Ukrayna və Moldovanın olmasına gəlincə, onlar nə Dövlət Başçıları Şurasının iclasında, nə də Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaqlar. MDB-nin de-yure üzvü olmalarına baxmayaraq, onlar sammitlərdə iştirak etməkdən çəkinirlər”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Ukrayan Rusiya tərəfindən işğala məruz qalan ölkədir:

“Bu reallıq çərçivəsində Kiyevin MDB toplantısına qatılmasını gözləmək sadəlövhlük olardı. Ümumiyyətlə, Ukraynanın MDB-nin de-yure üzvü olaraq qalması belə təəccüblüdür. Niyə hələ də təşkilatı tərk etməyiblər, sual doğurur.

Moldovaya gəldikdə isə rəsmi Kişinyovda qərbyönümlü Maya Sandunun hakimiyyətə gəlməsindən sonra Moskva ilə münasibətlər pisləşdi. Sandunun Rusiya hərbçilərinin ərazidən çıxarılmasına dair bəyanatları münasibətləri hazırkı vəziyyətə gətirib çıxardı.

O ki qaldı MDB Dövlət Başçıları Şurasının iclasına, bu və bu kimi görüşlər artıq formal xarakter daşıyır. Belə ki, bir təşkilat kimi MDB-nin çəkisi, siyasi gücü yoxdur. Nəticə etibarilə MDB Dövlət Başçıları Şurasının iclası formal bir görüş olacaq və heç bir xüsusi hadisə ilə yadda qalmayacaq. Bundan öncəki görüşlərdə olduğu kimi…”

Turan Rzayev
Globalinfo.az