Market basqınında terror ehtimalı güclənir – İSTİ ŞƏRH

Xəbər verildiyi kimi, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hücum edən silahlı şəxslər paytaxtın “Tarqovı” adlanan ərazisində, “McDonalds”ın yaxınlığında ələ keçərkən polisə silahlı müqavimət göstəriblər. Nəticədə onlardan biri –  Ruhlan İsmayılov məhv edilib, digəri tutulub.

“Bravo” hipermarketinə edilən silahlı hücumun terror olmasına dair ehtimallar güclənir. Bunu Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən teraktla müqayisə edənlərin sayı artır.

Maraqlıdır, market hücumu İran tərəfindən təşkil edilən terror hadisəsidir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, hazırda Azərbaycanda iğtişaş törədib, daxili sabitliyi pozmaq istəyən qüvvələr var:

“Ölkənin yaxın keçmişinə nəzər keçirdikdə hay-küylü qətllər və ya silahlı insidentlər baş verib. Yəni daxili sabitliyi pozmaq üçün belə silahlı insidentin baş verməsi mümkündür.

Lakin hipermarketdə baş verən hadisənin diqqətçəkən məqamı odur ki, hadisəni törədən şəxs qurban sayının çox olmasına çalışmayıb. Yəni həyatını itirən insanların sayı çox da ola bilərdi.

Lakin bütün hallarda bu hadisədən istifadə etməyə çalışan insanlar ola bilər. Nəzərə alsaq ki, Azərbaycanda şiə inanclı insanların hörmət etdiyi din xadimi Hacı Şahin də bu yaxınlarda vəfat edib, icmada bir boşluq yaranıb. Yəni bu hadisə ilə şiə inanclı insanlar arasında bir qarşıdurma yarada bilərlər.

Bütün hallarda istintaqın yekununu gözləmək lazımdır. Lakin yenə də ehtiyatlı olmaqda fayda var”.

Turan Rzayev
Globalinfo.az