Mariya Stadnik Parisə lisenziya qazana bilmədi

Aprelin 6-da Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə məğlub olan M.Stadnik bu turnirdən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

26 yaşlı idmançı Oksana Livaç son saniyələrdə qazandığı qələbəni belə şərh edib: “Hesabda geri olduğum üçün son dəqiqədə hücuma keçdim. Öz vaxtımı gözləyirdim. Qələbə qazanmağa çalışdım və məndə alındı. Bunun üçün böyük enerjim var idi. Sonda arzuma çatdığıma görə çox xoşbəxtəm. Bunu bacarmaq üçün çox çalışmışdım”.

Livaça Mariya Stadnik barədə xoş fikirlər səsləndirib: “Stadnik mənim kumirimdir. Uşaqlıqda onun kimi olmağa çalışırdım. Sonra bir müddət birlikdə məşq etdik. Ona qalib gəlmək çox çətin idi. Demək olar ki, həmişə məğlub olurdum. Mariya əfsanədir, ona böyük hörmətim var. Düşünürəm ki, o, olimpiadaya lisenziya qazanacaq. Sadəcə, bu gün mən güclü idim”.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər.