“Mançester Yunayted” və “Ayaks”ın əfsanəvi oyunçusu beyin qanaması keçirdi – FOTO

“Mançester Yunayted” və “Ayaks” klublarının sabiq qapıçısı Edvin van der Sar beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi qapıçı Xorvatiya adalarından birində tətildə olarkən insult keçirib. Helikopterlə xəstəxanaya çatdırılan Edvin van der Sar reanimasiyaya yerləşdirilib.

“Edvin van der Sar beyin qanaması keçirdi. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir və vəziyyəti stabildir. Daha konkret məlumat olan kimi bu barədə xəbər veriləcək.

“Ayaks”da hər kəs Edvinin tezliklə sağalmağını arzulayır. Səni düşünürük”, – deyə “Ayaks” klubunun Tvitter paylaşımında klubun keçmiş baş direktorlarına dəstəyi ifadə olunub.

Qeyd edək ki, “Ayaks” və “Yunayted”lə Çempionlar Liqası kuboklarını qazanan 52 yaşlı mütəxəssis bir aydan artıq müddətdir ki, Hollandiya nəhənginin baş direktoru vəzifəsini tərk edib.