Makronla “Uber” arasında gizli sövdələşmə olduğu üzə çıxıb

Fransa Prezidenti Emmanuel Makronla ABŞ-ın “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransa parlamenti komissiyasının hesabatında bildirilib.

Məlumata görə, “Uber” Fransa hökumətində ən yüksək səviyyədə özünə müttəfiqlər tapıb. Bildirilib ki, bu, E.Makron və onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, ancaq imtiyazlı əlaqənin göstəricisi sayılır. Məlumata görə, şirkətlə əməkdaşlığa dair qərarlar dövlət səviyyəsində şəxsi maraqlar baxımından aparılıb.

E.Makron Fransanın iqtisadiyyat naziri olduğu dövrdə “Uber”lə bağladığı gizli sövdələşmə sayəsində şirkətin sürücüləri üçün təlim saatlarını 250-dən 7-yə endirib. Fransanın Vergi İdarəsi şirkətin ofislərində axtarış apardığı zaman “Uber”in nümayəndəsinin E.Makrona SMS göndərdiyi də hesabatda əksini tapıb.

“Radio France” bildirib ki, “Uber”in maraqlarının lobbiçisi olan Mark Makqan E.Makronun prezidentlik kampaniyasını maliyyələşdirməkdə kömək edib.

2022-ci ilin iyulunda, qismən Corc Soros fondlarından biri tərəfindən maliyyələşdirilən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) bildirib ki, E.Makron Fransanın iqtisadiyyat naziri vəzifəsində çalışan zaman da “Uber”ə kömək edib.

Xatırladaq ki, “Uber” ABŞ-ın taksi xidməti göstərən dünyaca məşhur şirkətidir.