Makron onu Bakıya göndərdi: fransız liderin yeni arzusu

Fransa Prezidenti Emmanuel Makron prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, Azərbaycana bir dəfə də olsun səfər etməyib. Diqqətçəkən məqam isə Azərbaycandan fərqli olaraq onun iki dəfə Ermənistana səfər etməsidir. Halbuki Makrondan əvvəlki Fransa prezidentləri İrəvandan sonra Bakıya da səfər edərdilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Makron hakimiyyətə gələnə qədər Fransa Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı:

“Makron prezident seçildikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris hazırda Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanla yanaşı, Azərbaycana səfərə gəlməsi də təsdiqləyir.

Elxan Şahinoğlu

Bakı üçün vacibdir ki, Paris bizi də eşitsin, reallıqları dinləsin. Onu da nəzərə almalıyıq ki, Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir. Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var. Rəsmi Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son qoymalıdır”.

Turan Rzayev
Globalinfo.az