“Radio Franceinfo” məlumat yayıb ki, 81 deputat Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.
Sənədi Yeni Xalq Cəbhəsi blokundan olan deputatların imzaladığı iddia edilir. Məlumata görə, onlardan 72-si Əyilməz Fransa Partiyasının üzvləridir.
Qətnamənin imzalanmasına səbəb Makronun blokun nümayəndəsini ölkənin baş naziri postuna təyinatdan imtina etməsi olub.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, növbədənkənar parlament seçkilərinin nəticələrindən 7 həftə sonra ölkənin növbəti baş nazirinin axtarışları bir müddət davam etdi:
“Prezident Emmanuel Makron yeni hökumətin formalaşdırılması ümidi ilə çərşənbə axşamı müxtəlif siyasi qruplarla danışıqların yeni marafonuna başladı. Müstəqil mərkəzçi LIOT qrupunun nümayəndələri çərşənbə axşamı görüşəcəkləri halda, bu yaxınlarda özlərini “Respublikaçı Sağ” adlandıran mühafizəkar partiya da çərşənbə günü prezidentlə görüşüb. Növbədənkənar seçkilərdə ən çox yer qazanan, lakin səs çoxluğu əldə edə bilməyən sol koalisiya Yeni Xalq Cəbhəsi (NFP) davam edən danışıqlarda iştirakdan imtina edib. Bazar ertəsi axşam Makron yenidən NFP-nin baş nazirliyə namizədi, iqtisadçı Lucie Castetsi rədd edib.
Fransa prezidenti açıqlamasında bildirib ki, solçu hökumət “institusional sabitliyi” təhdid edəcək, çünki parlamentin aşağı palatası olan Milli Assambleyada etimad səsi ala bilməyəcək. Mərkəz sağ və ifrat sağçı siyasətçilər də sol ittifaqın rəhbərlik etdiyi istənilən hökuməti devirməyə çalışacaqlarını bəyan ediblər”.
Züriyə Qarayeva
Politoloqun sözlərinə görə, Makronun ən çox mandat qazanan partiyadan baş nazir təyin etməsi üçün qanuni tələb yox idi:
“Lakin NFP ən böyük qrup olduğundan namizədlərin onun sıralarından seçilməsində israr edirdi. Makron və digər partiyalar tərəfindən təcrid olunmuş və ifrat kimi tanınan Xalq Cəbhəsi Alyansı (LFI) prezidentə qarşı impiçment proseduruna başlayacaqlarını açıqladı. Ardınca 80-dən çox deputat Emmanuel Makronun Fransa prezidenti vəzifəsindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzaladı. Partiya koordinatoru Manuel Bompard Makronun şərhlərini “qəbuledilməz antidemokratik çevriliş” adlandırıb və 7 sentyabrda etiraz aksiyalarınln keçirilməsi üçün çağırış edib.
Sosialist Partiyasının (PS) baş katibi Pierre Jouvet, solda bölünmə əlaməti olaraq, tərəfdarlarının etirazlara qoşulmağı planlaşdırmadıqlarını və prezidentlə gələcək danışıqlara açıq olduqlarını eyham etmişdi. “Emmanuel Makronun qərarından dərin narahat olsaq da, danışıqlar aktuallığını qoruyur”, – Jouvet bildirmişdi. Bununla belə, çərşənbə axşamı keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimi və həftə sonu Makronun Serbiyaya səfəri ilə ölkənin yeni baş nazirinin müəyyənləşdirilməsi mövzusu daha da aktuallaşdı”.
Qarayeva bildirib ki, istefa verən baş nazir Qabriel Attalın rəhbərliyi altında hökumət 40 gündən artıq vəzifədə qaldı:
“Bu, müharibədən sonrakı dövrdən bəri görünməmiş vəziyyətdir. Üstəlik, ölkənin 2025-ci il üçün kritik büdcə planı oktyabrın 1-dən əvvəl Parlamentə təqdim edilməlidir, yəni vaxt daralır. Dominant siyasi blokun olmaması Fransanın yaxın siyasi tarixində görünməmiş bir hadisə idi və üç blokdan heç biri koalisiya yaratmaq istəmədiyi üçün ölkə parlament buraxılmasına doğru gedirdi”.
Qeyd edək ki, daha əvvəl Fransanın xarici işlər naziri vəzifəsini icra etmiş Mişel Barnier ölkənin baş naziri təyin edilib.
Turan Rzayev
Globalinfo.az