Makron Jerar Depardyeni müdafiə etdi

50-dən çox fransız aktyor, rejissor, yazıçı və musiqiçi Fransanın “Le Figaro” qəzetində Jerar Depardyeyə qarşı təqiblərə son qoymağa çağıran müraciəti imzalayıb. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, 2020-ci ildən aktyor zorlama ittihamı ilə istintaq altındadır. Depardyeyə qarşı ictimai qınaq “Complément d’enquête” (Əlavə Araşdırma) sənədli filminin Fransa 2 kanalında nümayişindən sonra daha da kəskinləşib.

Kinorejissor bu filmlə bir neçə il əvvəl seks qalmaqalının episentrində olan Depardyenin heç də günahsız qurban olmadığını göstərmək istəyib.

Fransa prezidenti Emmanuel Makron Jerar Depardyeni müdafiə edib.

“Belə kampaniyada mənim iştirakımı heç vaxt gözləməyəcəksiniz. O, Fransanı, bizim böyük müəlliflərimizi və onların personajlarını vəsf edirdi. Fransa onunla fəxr edir”, – Makron müsahibəsində bildirib.

Makronun bu mövqeyi qadınlara qarşı zorakılıqla mübarizə aparan fəallar tərəfindən qəzəblə qarşılanıb.

“Generation Feminist” adlı feminist təşkilatı Fransa prezidentinin mövqeyini cinsi zorakılıqla üzləşməli olanların hamısına, xüsusən də Depardyeni bunda ittiham edənlərə təhqir adlandırıb.

2020-ci ildə aktrisa Şarlotta Arnaultun şikayətindən sonra Depardyeyə qarşı cinsi təcavüz şübhəsi ilə məhkəmə istintaqı başladılıb.

O, ittihamları rədd edərək, onların razılıq əsasında cinsi əlaqədə olduqlarını deyir. Üç ay əvvəl aktrisa Helen Darrasın 2007-ci ildə “Disko” filminin çəkilişləri zamanı Depardyeni ona nalayiq şəkildə toxunmaqda ittiham etməsindən sonra ikinci iş açılıb.

Prokurorlar deyirlər ki, hadisələr çox uzun müddət əvvəl baş verdiyi üçün işə xitam verilə bilər.