Mahaçqaladakı hava limanında son durum – VİDEO / YENİLƏNİB

Mahaçqala hava limanında baş verən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.

“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, – məlumatda qeyd edilib.

Daha əvvəl Dağıstanın Səhiyyə Nazirliyi gecə saatlarında 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb, onların arasında təhlükəsizlik qüvvələri və mülki şəxslər də var.

***09:13

Mahaçqaladakı hava limanı sabah fəaliyyətini bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi teleqram kanalında məlumat yayıb.

Qeyd edilir ki, hava limanında vəziyyət sabitləşdiyindən xəbərdarlığa düzəliş edilib.

Daha əvvəl Mahaçqala aeroportunun noyabrın 6-dək bağlı olacağı bildirilirdi.

***00:50

Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hava limanı noyabrın 6-sı saat 02:59-dək (ilkin olaraq) təyyarələr üçün bağlı olacaq.

***23:37

Mahaçqala hava limanı müvəqqəti bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.

Agentliyinin bəyanatında deyilir ki, Mahaçqala hava limanı aerodroma icazəsiz giriş səbəbindən bağlanıb. Təyyarələr alternativ aerodromlara yönləndirilir.