Mağazalarda bu məhsulların satışı qadağandır

“Ətraf mühitin mühafizəsi haqqında” qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.

Globalinfo.az xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanunun icrası ilə bağlı məsələnin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov deyib.

O qeyd edib ki, qanunun bu tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur.

Bildirilib ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan qulplu və qulpsuz yüngül çəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməli, bu növ məhsulların ayrıca təqdim edildiyi və onların satış qiyməti barədə istehlakçılara əvvəlcədən məlumat verilməlidir. Nəzərə çatdırılıb ki, müvafiq dövlət orqanları qanunvericiliyin tələblərinin icrasına öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirirlər. Bununla yanaşı, qanunun tətbiqi ilə bağlı geniş maarifləndirmə işlərinin aparıldığı da qeyd olunub.