Mağazalarda soyulmuş halda satılan bananlar sosial şəbəkələrdə müzakirə yaradıb. Bəziləri bunu rahatlıq və yeni market tendensiyası sayır, digərləri isə qaralmış və satılmayan meyvələrin bu formada yenidən satışa çıxarıldığını iddia edir. Ən çox müzakirə olunan məsələ isə gigiyena və təhlükəsizlikdir.
Soyulmuş, doğranmış, bişirilmiş formada satılan meyvə və tərəvəzlərlə bağlı hansı risklər var?
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, qabığı soyulmuş meyvə və tərəvəzlər mütləq soyuducu şəraitində saxlanılmalıdır:
“Lakin əksər marketlərdə diqqət çəkən məqam bananın qabığının soyularaq otaq temperaturunda saxlanılmasıdır. Meyvənin əsas qoruyucu təbəqəsi onun qabığıdır. Qabıq soyulduqdan sonra məhsul mütləq soyuducuda mühafizə edilməlidir. Qabıqlı halda isə otaq temperaturunda saxlanıla bilər. Digər vacib məsələ emal prosesində gigiyenik qaydalara əməl olunmasıdır. Meyvə və tərəvəzlərin qabığını əlcəkdən istifadə edərək soymaq şərtdir. Bununla yanaşı, bıçaq, doğrama taxtası və digər avadanlıqların nə dərəcədə gigiyenik olması da sual doğurur. Bu səbəbdən istehlakçılara meyvə və tərəvəzləri, o cümlədən bananı soyulmuş yox, qabıqlı formada almaq tövsiyə olunur. Çünki qabıq həm qoruyucu təbəqədir, həm də bəzi meyvələrdə vitamin mənbəyidir”.
Ağa Salamov
Ekspert bildirib ki, əgər məhsul qabığı soyulmuş halda alınırsa, onun şirə buraxmamasına, suyunun axmamasına və rənginin qaralmamasına diqqət yetirilməlidir:
“Bütün hallarda belə məhsullar risk daşıyır və alınması məsləhət görülmür. Çünki qabığı soyulan meyvə və tərəvəzlər hava ilə təmasda olduğundan virusların, bakteriyaların onların səthinə hopma ehtimalı artır. Məhsulun üzəri örtülsə də, hansı şəraitdə və necə emal olunduğu açıq sual olaraq qalır”.
Ləman İmran
Globalinfo.az