L6F72NZDQBMX5DFKPHR4TXWJGY

Madaqaskarda ordu rəhbəri, polkovnik Maykl Randrianirina ordunun hakimiyyəti ələ keçirdiyini açıqlayıb. Bu, parlamentin Prezident Andri Rajoelinaya impiçment elan etməsindən və onun ölkədən qaçmasından sonra baş verib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, son həftələrdə gənclərin rəhbərlik etdiyi etirazlar dalğası fonunda prezidentin istefa tələbləri artıb. Rajoelina isə getməkdən imtina edib, orduda isə genişmiqyaslı parçalanma yaranıb.

Polkovnik Randrianirina milli radioda çıxış edərək “Biz hakimiyyəti ələ keçirdik” deyib və əlavə edib ki, ordu bütün dövlət institutlarını buraxır, yalnız parlamentin aşağı palatası – Milli Assambleya fəaliyyətini davam etdirəcək.

O, daha sonra bildirib ki, ölkə iki illik keçid dövrü ərzində ordunun rəhbərlik etdiyi komitə və keçid hökuməti tərəfindən idarə olunacaq, bundan sonra yeni seçkilər keçiriləcək.

Hərbi rəhbərliyin açıqlamasında qeyd olunub ki, Senat, Konstitusiya Məhkəməsi, Müstəqil Seçki Komissiyası, Ədalət Ali Məhkəməsi və İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Ali Şura fəaliyyətini dayandırır.

Qeyd edək ki, Rajoelina özü də 2009-cu ildə çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

Paylaş: