Macarıstan parlamenti prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasına hüquqi imkan yaradan Konstitusiyaya 17-ci düzəlişi qəbul edib. Qanun layihəsinin lehinə 139, əleyhinə isə 6 deputat səs verib.
Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin spikeri Aqneş Forsthoffer məlumat verib.
Dəyişikliyi Baş nazir Peter Madyarın rəhbərlik etdiyi hakim “Tisa” partiyasının bütün deputatları dəstəkləyib. Partiya parlamentdə üçdəikidən çox mandatla təmsil olunur.
Səsvermədən əvvəl çıxış edən Peter Madyar bildirib ki, Tamaş Şuyok hüququn aliliyinin təminatçısı kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib və sabiq Baş nazir Viktor Orban hökumətinin yol verdiyi qanun pozuntularına göz yumub. Buna görə də onun prezident postunu tərk etməli olduğunu vurğulayıb.
Prezident Tamaş Şuyok isə ittihamları rədd edib. O, cavab olaraq Baş nazirin davranışını qəbuledilməz adlandırıb və onun hərəkətlərinin qanunu kobud şəkildə pozduğunu deyib.
Qeyd edək ki, qəbul edilən konstitusiya dəyişikliyi prezidentin vəzifədən kənarlaşdırılması mexanizminin tətbiqinə hüquqi əsas yaradır.
Əliyar Xəlil