“Lukoyl”un direktorlar şurasının sədrinin qəfil ölümündə müəmma

Rusiyanın “Lukoyl” neft-qaz şirkəti Direktorlar Şurasının sədri Vladimir Nekrasov ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, həkimlərin ilkin rəyinə əsasən, V.Nekrasov kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

“Lukoyl”un keçmiş sədri 50 ilə yaxın neft-qaz sənayesində çalışıb. O, “Lukoyl” neft şirkəti və onun strukturlarında 30 ildən uzun müddət işləyib.

2022-ci il sentyabrın 1-də “Lukoyl”un direktorlar şurasının əvvəlki rəhbəri Ravil Maqanov vəfat edib və onun yerinə Nekrasov təyin edilib.

Vladimir Nekrasovun infarktdan vəfat etdiyi bildirilsə də, özündən əvvəlki sədr Maqanov kimi aradan götürüldüyünə dair şübhələr olduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti olmuş Ravil Maqanovun xəstəxananın altıncı mərtəbəsindən özünü ataraq intihar etdiyi və bu ölümün müəmmalı olduğu ilə bağlı mətbuatda xəbərlər yer almışdı.