Rusiya və Belarus Qərbə hücuma hazırlaşır? – Lukaşenkodan cavab

“Rusiya və Belarusun Qərbə hücum planlarının olması ilə bağlı səslənən fikirlər cəfəngiyyatdır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksand Lukaşenko deyib.

O bildirib ki, Rusiya və Belarus açıq şəkildə Qərbə hücum etmək fikrində olmadığını göstərib.

“Biz müdafiə sistemi qururuq. NATO qoşunlarına qarşı müharibə bizə lazım deyil. Amma onlar bunu gözləyirlər və bizi təhrik edirlər. Misal olaraq təxribat qruplarının Ukrayna sərhədindən Belarusa keçdiyini göstərə bilərik. Onlar bu müharibənin başlamasında maraqlıdırlar”, – Lukaşenko deyib.

Onun sözlərinə görə, hazırda Litvanın Pabrade poliqonunda NATO qüvvələri, eləcə də ABŞ və Almaniyadan olan hərbçilər cəmləşib.

“Hazırda Litvada yad ölkənin hərbçiləri var. Elə düşünürsünüz ki, Litva Rusiya və Belarusla qarşıdurmaya getsə, almanlar və amerikalılar onu  müdafiə edəcəklər? Xeyr, onlar Litvanı qorumayacaqlar. İlk ciddi vəziyyətdə döyüş meydanından qaçacaqlar. Çünki onların torpaqları Almaniya və ABŞ-dadır”.

Belarus Prezidenti NATO qüvvələri ilə müharibə etmək niyyətlərinin olmadığını xatırladıb və Rusiya və Belarus tərəfindən onlara qarşı heç bir təhlükənin olmadığını bildirib. Lakin qarşıdurma baş verəcəyi təqdirdə, çox ciddi cavab verəcəklərini diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az