Qaradağ rayonunda partlayış baş verib.
Hadisə Lökbatan qəsəbəsindəki beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb.
Yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.
“Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar”, – qonşulardan biri söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
***09:34
Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində ikiotaqlı mənzilin bir otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində bir otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




