Leyla Abdullayeva OCED-in iclasında çıxış etdi

Beynəlxalq Nəqliyyat Forumunun (İTF) gender və nəqliyyat üzrə 8-ci İllik Məsləhətləşmə iclası keçirilib. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmələr iclasının açılışında çıxış edib. İTF-nin nəqliyyat dialoqunu asanlaşdırmaq və regional nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirmək üçün səmərəli qlobal platforma olduğunu deyən səfir Leyla Abdullayeva ölkəmizin regionda dayanıqlı və davamlı nəliyyat üçün multimodal nəqliyyat marşurutlarının inkişafı istiqamətində konkret addımlar atdığını bildirib. 2025-2026-ci illərdə təşkilata Azərbaycanın sədrlik edəcəyini bildirən Leyla Abdullayeva ölkəmizin sədrlik müddətində İTF-nin məqsəd və mühüm rolunu təşviq etmək üçün səylərini əsirgəmiyəcəyini diqqətə çatdırıb. Bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi COP 29-un, həmçinin nəqliyyat sahəsinin dekarbonizasiyası ilə bağlı məsələlərin müzakirəsi üçün imkan yaradacağına ümid ifadə edilib.

Səfir L.Abdullayeva əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransında Azərbaycan 2050-ci ilədək istixana qazlarının emissiya səviyyəsinin 40 faiz azaldılması istiqamətində öhdəlik götürüb, eləcə də işğaldan azad edilmiş ərazilərin “xalis sıfır emissiya” zonası elan edilməsi, Böyük Britaniyanın təşəbbüsü ilə həyata keçirilən ZEV (Zero Emission Vehicles) bəyanatına qoşulduğumuz iştirakçıların diqqətinə çatdırılıb.

Bakının ev sahibliyi edəcəyi COP29-la bağlı səfir L. Abdullayeva qeyd edib ki, ümumi yanaşma əvvəlki COP konfranslarının uğurlarına və dövlətlərin götürdüyü öhdəliklərə əsaslanmaqdır. Vurğulanıb ki, məqsədimiz bu öhdəlikləri irəli aparmaqdır.

“COP29-un hazırlanmasında ilk addımlar atılıb, Təşkilat Komitəsi yaradılıb və komitədə 12 qadın təmsil olunur. COP29-un mandatlı vəzifələrində mükəmməl gender balansı təmin edilib, 6 vəzifədən 3-də qadın təmsil olunur”, – deyə səfir L. Abdullayeva qeyd edib.

Səfir, həmçinin gender və nəqliyyat, eləcə də nəqliyyat sektorunda gender bərabərliyinin vəziyyəti ilə bağlı məlumat verib. O, nəqliyyat sahəsinin ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sektor olduğunu bildirərək, gender bərabərliyinin təşviqi, nəqliyyat sektorunda qadınların səlahiyyətlərinin, eləcə də bu sahədə qərarların qəbulu prosesində qadınların rolunun artırılması ilə bağlı maarifləndirmənin vacibliyini qeyd edib.

Səfir iştirakçıların diqqətinə Azərbaycanın nəqliyyat sektorunda qadınların məşğulluğu ilə bağlı statistik məlumatları təqdim edib. Ümumilikdə, ölkəmizdə nəqliyyat sahəsində xüsusilə nəqliyyatın planlaşdırılması və gündəlik işin təmin edilməsində qadınların səsinin eşidildiyi, gender bərabərliyinin təmin edilməsi üçün mühüm addımların atıldığı, əlbəttə ki, daha yaxşı nəticələrin əldə edilməsi üçün müvafiq işlərin görüləcəyi vurğulanıb.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclası keçirilir. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik məsləhətləşmələr iclasında ölkəmizi təmsil edir. İclasda Azərbaycanın regionda dayanıqlı və davamlı nəqliyyat üçün multimodal nəqliyyat marşurutlarının inkişafı istiqamətində atdığı konkret addımlardan danışılacaq.