Lerikdə 4 nəfərin ölümü ilə faciənin səbəbi məlum olub

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Tikəband kənd sakini 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətlərində olan hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin motorun nasazlığı səbəbindən suya elektrik cərəyanı ötürməsindən xəbərsiz olub. Elektrik xəttini qoşan kimi cərəyan onu vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itiriblər.

***

Lerik rayon prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində həyatını itirənlər 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).

***
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Globalinfo.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.