Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üçü qadın, üçü kişi olmaqla xəsarət alan altı nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.
Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
X X X
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, “Unikal”ın Cənub bürosunun məlumatına görə, qəza rayonun Qurumba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Daha sonra nəqliyyat vasitəsi suötürücü kanala aşıb.
Hadisə nəticəsində avtomobildə olan 6 nəfər – yaxın qohumlar xəsarət alıb. Yaralananlar 1953-cü il təvəllüdlü Yelena Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Qurbanova və 1973-cü il təvəllüdlü Maya Hüseynovadır.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.