Lavrovun xoşməramına inanaqmı? – Rusiya XİN rəhbərinin dediklərinə ekspertdən sözardı

“Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

Bununla bağlı politoloq Zaur Məmmədov Globalinfo.az-a açıqlamasında bildirib ki, Ceyhun Bayramovun yaxın zamanda Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla da görüşü planlaşdırılır:

“Cənubi Qafqazda hazırda baş verən hadisələr mahiyyət etibarilə beynəlxalq aktorlar arasında mübarizə meydanını xatırladır. Bu aspektdən iki ölkə arasında sülh prosesinin nə qədər vacib olduğu başadüşüləndir.

Əlbəttə ki, Rusiyanın hal-hazırda əsas istəyi kommunikasiya və nəqliyyat yollarının açılması ilə, eyni zamanda Azərbaycan-Ermənistan sərhədindəki demarkasiya və delimitasiya ilə bağlıdır. Rusiya ilk növbədə başa düşməlidir ki, yeni proseslərdə Qarabağdan erməni silahlı birləşmələrin çıxarılması və Laçın dəhlizində gediş-gəlişlə bağlı beynəlxalq hüquqa uyğun olaraq tədbirlər görməsi vacibdir. Əgər sözügedən məsələdə Azərbaycan və Ermənistan arasında ortaq məxrəcə gələ bilməzlərsə, bu, müharibə riskini artırır”.

Gülnar Səlimova,

Globalinfo.az