Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gəlir. Səfər kifayət qədər maraqlı məqamlar ilə diqqət çəkir.
Lavrovun səfərinə Azərbaycan tərəfinin münasibəti də müsbətdir. Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarının səfərinə münasibət bildirərkən bunları deyib:
“Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq”.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Cənubi Qafqazda siyasi proseslər əsaslı surətdə dəyişib:
“Misal üçün Ermənistanla Rusiya arasında soyuq küləklər əsir. Buna görə də demək olar ki, Lavrovun səfəri ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır”.
Ekspert hesab edir ki, hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var:
“Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb;
İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir.
Mövcud vəziyyət onu deməyə əsas verir ki, rəsmi Moskva Bakıya həm regionda, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır.
Lavrovun səfəri həm də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Misal üçün Azərbaycan və Ermənistan onlayn diplomatiyaya keçib, sülh mətni üzrə şərtlər də internet üzərindən ötürülür. Bunun müsbət yanı odur ki, tərəflər vasitəçi olmadan təmas qura, müzakirə apara bilirlər və bu, üçüncü qüvvələrin maraqlarını nəzərə almaq məcburiyyəti yaratmır. Həmçinin normallaşma prosesini sürətləndirə bilər.
Bu baxımdan hazırda rəsmi Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir”.
Turan Rzayev
Globalinfo.az