Laçında səfərdə olan jurnalist: “Özümüz ev tikəndə 6 aya hazır edirik?!” – FOTO

“Laçında erməni işğalından öncə də, işğaldan azad olunduqdan sonra da olmuşam, amma Laçın o qədər gözəldir ki, hər gedəndə elə bilirəm ilk dəfədir orada oluram”.

Bu sözləri Globalinfo.az-a Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı Laçına səfər etməsi haqda danışarkən deyib.

Elşad Eyvazlı

O, hər dəfə Laçını fərqli şəkildə gördüyünü deyib:

“Hər dəfə Laçına gedən zaman orada olan daşlar da, qaya da, dağ da bir başqa cür görünür. Düşünürəm ki, bundan sonra neçə dəfə getsəm də, yenə belə olacaq. Oranın gözəlliyini gözlə görmək lazımdır”.

E.Eyvazlı Laçınla bağlı yayılan mənfi xəbərlərə də münasibət bildirib:

“Bizim gördüyümüz yerlərdə təmir də gözəldir, insanları da çox yaxşı və mehribandır. Sadəcə, biz maksimalistik. Təsəvvür edin, illər, əsrlər əvvəl qurulan Laçını gedib dağıdılmış halda gördük.

Amma buna baxmayaraq, 5-6 ay ərzində hər şeyin ideal olması tələb olunur. Bu, mümkün deyil axı. Laçın şəhərində hamar yolun, su, işıq, qaz, internet xəttinin, telefonun olması Bakıdan heç fərqlənmir. Hətta internet daha sürətlidir. Belə məsələlərin sosial şəbəkələrdə paylaşılmasını başa düşə bilmirəm. Əlbəttə, heç nə ideal deyil, olan problemləri də qaldırmalısan ki, həllini tapsın. Bizi ermənilər də izləyir və laçınlıların öz ata-baba yurdlarına qayıtdıqları üçün narahatdırlar. Buradan aydın şəkildə görürük ki, ermənilərin təbliğat maşını Azərbaycana qarşı işləyir. Ona görə ehtiyatlı olmaq lazımdır”.

PJB sədri daha sonra deyib:

“Təsəvvür edin, bulvar, məktəb, aptek, market, restoran, xəstəxana – bir sözlə, bütün infrastruktur qurulub, hər şey var. Bunlar da bir il ərzində həll olunub. O adamlar başqa nə istəyir, bilmirəm. Özümüz bəyəm ev tikərkən 6 ay ərzində bitirib orada yaşaya bilirikmi? Mümkün deyil axı! Bunun üçün zaman tələb olunur. Bizə daha çox işğaldan azad olunmuş Laçın lazımdır!”       

Zaira Akifqızı
Globalinfo.az