Laçında azan hərbçimizin anası: “Dünən mənə dedi ki…” – VİDEO

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Globalinfo.az bildirir ki, İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub.

R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb:

“Ruslanın 19 yaşı var.  O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdı. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”.

R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub:

“Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.

Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biri olub.