“Azərbaycanlı ekoaktivistlər Laçın-Xankəndi yolunda dinc aksiyalara başlayarkən qarşıya bir neçə ciddi məqsəd qoyulmuşdu. Aktivistlərimizin tələbləri Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınması, bölgədə qanunsuz iqtisadi fəaliyyətin dayandırılması və Laçın yolundan qeyri-humanitar məqsədlərlə istifadəyə son verilməsi ilə bağlı idi”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Anar Əliyev Xankəndidəki separatçı rejimin saxta “dövlət naziri” Ruben Vardanyanın “vəzifəsindən” qovulmasından sonra Laçın yolunun açılacağı ilə bağlı gəzən söhbətlər haqda danışarkən deyib.
O bildirib ki, ötən müddət ərzində gənclərimizin ortaya qoyduğu iradə çox ciddi nəticələr doğurdu və Azərvaycanın müvafiq dövlət qurumlarının bölgədə təsir imkanları daha da genişləndirilmiş oldu:
“Bunun ən vacib nəticəsi də bölgədə yaşayan erməni azlığın gələcəklə bağlı qurduğu planların mümkünsüz olması barədə təsəvvürlərin formalaşmasıdır. Artıq Qarabağdakı erməni azlıq çox gözəl anlayır ki, nəinki Ermənistan və onların havadarlarına, hətta bölgədəki sülhməramlılara da ümid edərək gələcəklə bağlı alternativ planlar qurmaq mümkün deyil. İcma nümayəndələri üçün aydın oldu ki, heç bir güc nəinki Azərbaycanın müvafiq dövlət qurumlarının, yüzlərlə gəncin də iradəsini dəyişmək gücündə deyil.
İkinci mühüm nəticə qısa müddət ərzində bölgədəki təbii sərvətlərin qanunsuz istismarının qarşısının alınması, üçüncü mühüm nəticə isə bölgədə yaşayan erməni icma nümayəndələrində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığın alternativinin olmaması fikrinin yaranması idi”.
A.Əliyev bildirib ki, Laçın yolunun başlanğıc hissəsində nəzarət buraxılış məntəqəsinin qurulması reallaşana qədər aksiya davam etməlidir:
“Bu, həm də Ermənistanın öz maraqlarına xidmət edən mühit formalaşdırmağa çalışan indiki rejim üçün də dərs olacaq. Qəbul etməlidirlər ki, Zəngəzur dəhlizi ilə bağlı status təmin edilməyəcəksə, o zaman Laçın yolu ilə bağlı da status gözləməsinlər.
Ona görə də hesab edirəm, Vardanyanın istefası ciddi nəticələrimizdən biri olsa da, qarşıda ekoaktivistlərimizin mübarizəsinin nəticəsi olaraq daha böyük nəticələr əldə edə bilərik və edəcəyik də.
Bu həm də Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və bölgəmizin qarşılıqlı iqtisadi əlaqələrin, birgə yaşayışın, etimad mühütünün formalaşması istiqamətində atdığı addımların əsas başlanğıcının ilkin mərhələsi kimi də qiymətləndirilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az