Laçında daha 26 ailəyə evlərinin açarları təqdim edildi – FOTOLAR

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də iştirak ediblər.

Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

***08:47

Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə daha 96 nəfər olmaqla, 26 ailə köçürülüb. Köçürülən ailələr Laçın şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Laçın şəhərində 1052 nəfər olmaqla, 272 ailənin daimi məskunlaşması təmin edilib.

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO