WhatsApp Image 2026 07 29 at 12.30.49

Bir neçə gündür ki, sosial şəbəkələrdə internet üzərindən yayımlanan bir TV əməkdaşının ailə münaqişəsini işıqlandırarkən sərgilədiyi davranış müzakirə olunur. Mövzu təkcə bir reportaj və ya müxbirin addımı deyil. Burada söhbət jurnalistikanın sərhədlərindən, peşə etikasından və cəmiyyətin mediaya olan etibarından gedir.

Baş verənlər haqda qısa danışım: Ayrılmış ər, keçmiş həyat yoldaşı ilə barışmaq istəyir. Qadın isə bu münasibətə qayıtmaq istəmir. Bu, onun şəxsi seçimidir. Hər bir insan öz seçim və qərarında azaddır. Heç kim – istər qohum, istər qonşu, istərsə də jurnalist, kimisə barışmağa məcbur edə bilməz!

Ən narahatedici məqam isə məhz bundan sonra baş verir. Ev sahibi olan qadın danışmaq istəmədiyini bildirir, qapını bağlamağa çalışır. Lakin aparıcı qapını əli ilə astaca itələyərək kişinin həyətə daxil olmasına şərait yaradır. Bu artıq jurnalistika deyil. Bu, hadisənin iştirakçısına çevrilməkdir.

Kişinin üzərində kəsici və ya deşici alət olsaydı? Qadına xəsarət yetirsəydi? Son illər neçə-neçə qadın qətli, məişət zorakılığı və digər oxşar hadisələrə şahidlik etmişik. Bu qədər acı təcrübədən sonra heç kim belə bir riski görməzdən gələ bilməz. Jurnalistin vəzifəsi təhlükə yarada biləcək vəziyyət formalaşdırmaq yox, baş verənləri məsuliyyətlə işıqlandırmaqdır.

Hadisə bununla da bitmir. Daha sonra sanki ailə problemi efir şousuna çevrilir. Tərəflər masa arxasında əyləşdirilir, müzakirələr aparılır, az qala mətbuat konfransı təşkil edilir. Ailə dramı ictimai tamaşaya çevriləndə nə jurnalistika qalır, nə də insan ləyaqəti.

Təəssüf doğuran başqa bir məqam isə odur ki, bu görüntülərdən sonra sosial şəbəkələrdə tənqid yalnız həmin hadisəyə yönəlmir. İnsanlar bütün jurnalistləri, bütövlükdə isə jurnalistikanı ittiham edir, hətta təhqir edirlər. Bir nəfərin peşə etikasına zidd davranışı bütöv bir peşənin nüfuzuna zərbə vurur.

Axı biz özümüz deyirik ki, jurnalistika dördüncü hakimiyyətdir. Hakimiyyət etibar üzərində qurulur. Etibar isə illərlə formalaşır, bir anın içində, məsuliyyətsiz davranışla dağıla bilir. Əgər jurnalist hadisəyə müdaxilə edən, insanların şəxsi həyatına sərhəd tanımadan daxil olan şəxs kimi qəbul ediləcəksə, sabah cəmiyyət bizə necə inanacaq? Niyə biz öz hakimiyyətimizi dağıdırıq?

Ümid edirəm ki, baş verən hadisə aidiyyəti qurumlar tərəfindən obyektiv araşdırılacaq və peşə etikası çərçivəsində müvafiq qiymət veriləcək. Çünki söhbət təkcə bir Yutub kanaldan deyil, Azərbaycan jurnalistikasının nüfuzundan gedir.

Əks halda, jurnalistikanı dəfn etməyə məcbur qalacağıq.

zaira akifqizi yeni

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: