1649252656 14798055706300760345 1000x669

Kürdəmir rayonunun Karrar kənd sakini Tərlan Heydərli kənd ərazisində avtomobillərin yüksək sürətlə hərəkət etməsindən narahatlığını ifadə edib.

Globalinfo.az xəbər verir ki, o, yaşayış məntəqəsindən keçən yolda sürücülərin avtomobilləri bəzən saatda 100-120 kilometr sürətlə idarə etdiyini deyib.

Sakinin saytımıza verdiyi məlumata görə, həmin ərazidə məktəblilər, azyaşlılar, həmçinin digər piyadalar daim hərəkət edirlər. Buna baxmayaraq, bəzi sürücülər təhlükəsizlik qaydalarına əməl etmir, ciddi təhlükə yaradırlar.

T.Heydərli aidiyyəti qurumlara müraciət edərək əraziyə nəzarətin gücləndirilməsini istəyib. O, yolda radar quraşdırılmasının və ya sürəti azaltmaq üçün süni maneələrin qoyulmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Globalinfo.az Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, məsələyə baxılacaq:

“Sakinlərin müraciəti əsasında sözügedən əraziyə xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı məsələyə tərəfimizdən baxılacaq. Bununla yanaşı bildiririk ki, həmin yolda ərazi üzrə DYP-nin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər aparılır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: