Kürdəmirdə doğuş zamanı ölən qadınla bağlı məsələ böyüdü: Prokurorluq cinayət işi açdı, həbslər ola bilər

“Azərbaycanda ailə qanunvericiliyinə əsasən, nikah üçün yaş həddi 18 yaş müəyyən edilib. Amma nikah yaşı yerli icra orqanlarının icazəsi ilə bir il azaldıla bilər”.

Bu sözləri Globalinfo.az saytına açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.

O, Kürdəmir rayonunda azyaşlı ananın doğuş zamanı ölməsi ilə bağlı araşdırmada məsələyə fərdi yanaşmanın lazım olduğunu bildirib:

“İlk növbədə azyaşlı qızın hamiləlik dönəmində həkimlərə müraciət edib-etməməsi araşdırılmalıdır. Əgər həkimlər azyaşlı qızın hamiləliyindən xəbərdar olduqları halda polis orqanlarına məlumat verməyiblərsə, artıq burada onlar da məsuliyyətə cəlb oluna bilər. Ümumiyyətlə, aidiyyatı qurumlara fərdi qaydada məlumat verməyən digər şəxslərin də məsuliyyətinə baxılmalıdır.

Ruhi xəstəni zəncirləyən mağaza sahibini neçə il həbs gözləyir? – AÇIQLAMA | KONKRET

Araşdırma zamanı qızın yaşının gizlədilməsi faktı da ortaya çıxa bilər. Ona görə də, məsələ kompleks şəkildə araşdırılmalıdır”.

S.Vəkilovun sözlərinə görə, həyatını itirən gənc ananın ailə üzvləri də məsuliyyət daşıyır: “Burada söhbət yalnız mənəvi məsuliyyətdən getmir. Erkən nikah, daha doğrusu azyaşlı qızların ailə üzvlərinin təkidi ilə ailə qurması ölkəmizin ciddi sosial problemlərindəndir. Bunun qarşısını almaq üçün dövlət qurumları, ictimai təşkilatlar, mətbuat vaxtaşırı həyəcan təbili çalırlar. Rəsmi qurumlar bu xoşagəlməz tendensiyanı aradan qaldırmaq üçün iş aparır. Təəssüf ki, hələ də rayonlarda erkən nikah problemi qalır”.

Ekspert bildirdi ki, ölüm səbəbi də araşdırılmalı və həkimin burada səhv ehtimalına ayrıca qiymət verilməlidir: “Ölümün erkən nikahla bağlı olub-olmaması müəyyən edilməlidir. Çünki söhbət təkcə erkən nikahdan deyil, həkimlərin öz vəzifələrini necə yerinə yetirmələrindən gedir”.

***

Məsələ ilə bağlı Baş Prokurorluqdan saytımıza verilən məlumata görə, hadisə araşdırılır və artıq “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Zaira Akifqızı, Globalinfo.az