Kür quruyur: Nazirlik “lazım deyil” dedi, “Azərsun” isə…

Son vaxtlar ölkə ictimaiyyətini narahat edən məsələlərdən başlıcası Kür çayının qurumasıdır. Kürkənarı bölgələrdə Kənd Təsərrüfatı Nazirliyi və “Azərsun” Holdinqin min hektarlarla əkin sahələri var.

Maraqlıdır, bu quraqlıq hər iki quruma nə kimi çətinliklər yaradıb?

Məsələ ilə bağlı Globalinfo.az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda suya ehtiyac minimum səviyyədədir:

“Mövsümi amilləri nəzərə alaraq hazırda əkin sahələrinin təsərrüfat suyuna ehtiyacı minimum səviyyədədir. Bu gün üçün vəziyyət budur. Təsərrüfat suyuna ehtiyac artdıqda vəziyyəti daha doğru dəyərləndirə biləcəyik. Biz hər zaman əkinçilikdə müasir suvarma üsullarından istifadənin tərəfdarıyıq. Aparılan maarifləndirmə işləri və dövlət dəstəyi tədbirləri nəticəsində əkin sahələrində müasir suvarmadan istifadə genişlənir. Damlama sulama, Pivot və digər suvarma üsulları sudan qənaətlə istifadəyə imkan verir, torpağın şoranlaşmasının qarşısını alır”, –  nazirlikdən bildirilib.

Qeyd edək ki, “Azərsun” Holdinq məsələ ilə bağlı sorğumuzu cavabsız qoydu.

Zaira Akifqızı
Globalinfo.az