“Krokus” terrorçuları etiraf etdilər

Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı törətməkdə təqsirləndirilən şəxslər sifarişçilər haqqında ifadə veriblər.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin bazar ertəsi, martın 25-də Rusiya Prezidenti Vladimir Putinə müşavirədə məlumat verib.

“Terror aktını törədən dörd nəfərə qarşı cinayət işi qaldırılaraq istintaqa cəlb olunub, təqsirləndirilən şəxslərin hamısı dindirilmə zamanı və məhkəmədə öz təqsirlərini etiraf edərək, cinayətin başvermə şəraiti, sifarişçi və cinayətin hazırlanmasında köməklik göstərən şəxslər barədə ətraflı ifadə veriblər, – Rusiya İstintaq Komitəsinin rəhbəri bildirib.

İstintaqın məlumatına görə, terror aktının hazırlanmasında cinayətkarlara köməklik göstərən daha üç nəfər də müəyyən edilərək saxlanılıb: Onlar terrorçulara mənzil və avtomobil veriblər, həmçinin pul köçürüblər.

Digər məsələlərlə yanaşı, Bastrıkin onu da bildirib ki, bu günə qədər iş üzrə 200-dən çox yoxlama və axtarış aparılıb, bu müddət ərzində mindən çox istintaqa aidiyyəti olan müxtəlif obyektlər müsadirə edilib.

“Təqsirləndirilən şəxslərin yaşadığı mənzildə axtarış zamanı əl izləri ilə yanaşı, hücumu hazırlamaqda istifadə olunmuş alətlər aşkar edilib. Cinayətkarların avtomobilindən patronsuz tapança və “Kalaşnikov” avtomatı aşkarlanıb. 30 patronu olan silah darağı tapılıb”, – Bastrıkin bildirib.

Müsadirə edilmiş bütün əşyalar, silahlar və sursatlar üzrə 90 məhkəmə-tibbi ekspertizası təyin edilib: Ballistik, genetik, barmaq izi və s.”, – deyə RF İstintaq Komitəsinin sədri yekunlaşdırıb.

Bundan əlavə, görüş zamanı Bastrıkin dövlət başçısına məlumat verib ki, istintaq “Krokus Siti Holl”da baş vermiş terror aktı zamanı yaşanan hadisələrin tam xronologiyasını müəyyən edib.