“Krokus” teraktının ən müəmmalı məqamı – Gözdən qaçan detal

Rusiya Prezidenti Vladimir Putin Moskva terrorunun Ukrayna tərəfindən törədildiyini iddia edir. Kreml bəyan edib ki, “Krokus Siti Holl” teraktının müəllifi, təşkilatçısı Kiyevdir. Bu həm də Rusiyaya Ukraynanın işğalını leqallaşdırmaq üçün lazımdır: Ukraynanı terror ölkəsi kimi göstərib, orada antiterror əməliyyatlarına başladığını bəyan edə bilər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Xalidbəyli deyib ki, Rusiyadakı terror hadisələri Ukrayna və Qərbin maraqlarına uyğundur:

“Terror törədilən ölkədə qorxu, xof yaranır və sonrakı mərhələdə intensivləşməsi isə daxildə xaosa səbəb olur. Rusiyada daxili situasiyanın xaosa doğru irəliləməsi Qərbin və Ukraynanın marağındadır. Lakin bu terrorun rəsmi Kiyev tərəfindən törədildiyi haqda dəqiq fikir söyləmək çətindir. Bu iddiaları irəli sürmək üçün dəqiq faktlar göstərmək lazımdır. Terrorun kimin tərəfindən törədildiyi isə istintaq prosesində məlum olacaq”.

Politoloqun fikrincə, sözügedən terror aktında müəmmalı məqamlar var:

“ABŞ kəşfiyyatı, Böyük Britaniya, Almaniya və bir neçə Qərb ölkəsinin səfirliyi mart ayının əvvələrində Rusiyada terror aktlarının olacağını bəyan etmiş, öz vətəndaşlarına insanların sıx toplaşdığı məkanlara getməməyi məsləhət görmüşdü. Qərb kəşfiyyatı bu məsələdə Rusiyaya dəqiq məlumat, detallar təqdim etməyibsə, bu, müəmmalıdır. Digər tərəfdən, terror aktının baş verməsindən qısa müddət sonra ABŞ bunun Ukrayna ilə əlaqəsinin olmadığını bəyan etdi. Terrorçuların həbs olunmaması, proseslə bağlı hər hansı məlumatın verilməməsi fonunda ABŞ-ın belə bir iddia irəli sürməsi sual doğuran məqamdır. Əgər Rusiya bunu Ukraynanın etdiyini düşünürsə, dəqiq fakt ortaya qoymalıdır. Əks halda düşmən ölkə də olsa, bir dövlət digərinə qarşı əsassız yerə belə iddia ilə çıxış edə bilməz”.

Safura Bənnayeva
Globalinfo.az