***13.09.2024 21:38
“Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam təmin etmək üçün keçirdiyi antiterror əməliyyatı iki əsrdir regiona qarşı qurulmuş təcavüz aktını dağıtdı”.
Bunu Globalinfo.az-a analitik Aqşin Kərimov lokal xarakterli antiterror əməliyatlarının ildönümü ilə bağlı danışarkən deyib.
Daha ətraflı videoda:
O bildirib ki, əməliyyatlar nəticəsində həm də regional təhlükəsizlik üçün təhdid mənbəyi olan kritik çərçivələr silindi:
“Azərbaycanın bütün çətinliklərin öhdəsindən gələrək ölkənin suverenliyini bərpa etməsi göründüyü qədər asan baş tutmadı. Proseslər ağır və təhlükəli olsa da, cəmi 24 saata yaxın davam edən əməliyyat ilə Qarabağın bütün əraziləri separatçılardan təmizləndi. Beləliklə suverenliyimiz tam bərpa olundu.
Antiterror əməliyyatlarından sonra Azərbaycanın geosiyasətdəki regional gücünü məhdudlaşdırmaq üçün müxtəlif cəbhələrin aktivləşdiyi müşahidə olunur. Lakin bu, heç bir nəticə verməyəcək. Əksinə, Bakı sülh danışıqlarında İrəvana diktələrini dəfələrlə artırıb. Həmçinin Ermənistanın siyasi sistemində yer alan Qarabağ iddialarının üzərindən xətt çəkməyə nail olur”.
Aqşin Kərimov
Analitin sözlərinə görə, Bakı keçirilən əməliyyatlar səbəbindən ona hücum çəkən qüvvələrə qarşı müdafiə qabiliyyətini artırıb:
“Bu da Azərbaycanın gələcək addımlarında özünü aydın şəkildə göstərəcək. Antiterror əməliyyatı ilkin mərhələdə İrəvanın rəsmi dairələrinə əhəmiyyətli şəkildə sirayət etdi. İkinci mərhələdə isə bütövlükdə Ermənistanın siyasi sistemini Qarabağa olan iddialarının üzərindən xətt çəkməyə məcbur qoydu. Çünki Azərbaycan Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qalxmasını şərt kimi irəli sürür. Bu da nəticədə siyasi sistemdəki bütün aspektlərin ideoloji xətləri dəyişdirməsi ilə səciyyələnəcək.
Göründüyü kimi, Azərbaycan antiterror əməliyyatları ilə həm də regional siyasətdə geosiyasi açar kimi səylərini gücləndirib”.
Turan Rzayev
Globalinfo.az