Kremlin gizli sənədləri üzə çıxdı: Ukrayna ilə bağlı elə şeylər yazılıb ki…

kreml sarayi rusiya

Avropa ölkələrindən biri kəşfiyyat xidmətinin Kreml üçün hazırlanmış sənədini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sənəd ABŞ və Rusiya nümayəndə heyətləri arasında baş tutan Ər-Riyad görüşündən bir həftə əvvəl ortaya çıxıb.

İddialara görə, bu, Rusiya Federal Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq edən analitik mərkəz tərəfindən yaradılıb:

“Sənəd Rusiyanın Ukraynadakı müharibəni dayandırmaq üçün maksimalist tələblərini ortaya qoyur. Xüsusilə ABŞ Prezidenti Donald Trampın 100 gün ərzində sülh razılaşmasına nail olmaq üzrə ilkin planları mümkünsüz hesab edilir. Həmçinin burada Ukrayna böhranının sülh yolu ilə həllinin 2026-cı ildən əvvəl baş verə bilməyəcəyi qeyd olunub”.

Hesabata əsasən, Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı istənilən plan rədd edilir:

“Çünki bu hərbi qüvvələr Qərbin ciddi təsiri altında olacaq. Sənəddə Ukraynanın şimal-şərqində Rusiya vilayətləri ilə sərhəddə bufer zonasının, habelə Krım yaxınlığında, o cümlədən Odessa vilayətində demilitarizasiya zonasının yaradılmasının zəruriliyindən danışılır. Hazırkı Ukrayna hökumətinin tamamilə dağıdılması və Kiyevin NATO-ya üzv olmaqdan imtinası müzakirə edilir”.

Kremlə təklif olunub ki, Rusiya Belarusda və Avropa İttifaqı (Aİ) sərhədində özünün “Oreşnik” orta mənzilli ballistik raketlərini yerləşdirməsin:

“Bunun müqabilində ABŞ Avropa ilə bağlı eyni addımı atmağa razı olsun. Həmçinin Moskva Vaşinqtona “qeyri-dost” hesab edilən ölkələrə, o isə Ukraynaya silah tədarükünü dayandırsın”.

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ nəşrinə açıqlamasında sənədlə bağlı məlumatının olmadığını deyib.

Günay Rəsulqızı
Globalinfo.az