Son dövrlər Rusiyaya qarşı intensivləşən dron hücumları ölkənin təhlükəsizlik sistemi və daxili sabitliyi ilə bağlı müzakirələri daha da gücləndirib. Bunlar isə ölkədə sonun başlanğıcı sayılır. Eyni zamanda, xalq üsyanı, iqtisadi çöküş, siyasi iflas – bütün bunların hamısı Kremli gözləyən qorxunc ssenarilər kimi nəzərdən keçirilir.
Bu proses Rusiya üçün hansı nəticələr vəd edir? Ölkənin zəifləməsi və ya bölüşdürülməsi ilə bağlı səsləndirilən ssenarilər nə dərəcədə realdır? Bu halda Çin, ABŞ və Avropa İttifaqı (Aİ) bundan necə faydalana bilər?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, bu cür hadisələri dərhal Rusiyanın dağılması, sonun başlanğıcı kimi qəbul etmək düzgün yanaşma deyil:
“Ona görə də Rusiyanın qlobal güclər arasında bölüşdürülməsindən danışmaq da hələ çox tezdir. Müasir beynəlxalq sistemdə böyük dövlətlərin ərazi bütövlüyünün zorla yenidən bölüşdürülməsi ideyası həm hüquqi, həm də geosiyasi baxımdan yüksək qarşıdurma riski yaradan bir modeldir. Rusiya kimi nüvə silahına malik dövlətin “dağılması” da bu baxımdan beynəlxalq təhlükəsizlik üçün proqnozlaşdırılması çətin olan nəticələr doğura bilər. Buna görə də ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi əsas güc mərkəzləri rəsmi siyasətlərində bu tip ssenariləri açıq şəkildə dəstəkləmir, təşviq etmirlər. Onların yanaşması daha çox mövcud status-kvonun idarə olunması, təsir balansının qorunması və münaqişənin lokal çərçivədə saxlanılmasına yönəlib”.
Rəşad Bayramov
Politoloq bildirib ki, iqtisadi çöküş və daxili sosial narazılıqla bağlı proqnozlar isə qısamüddətli hərbi, siyasi gərginliklərin avtomatik olaraq sistemin tam iflasına gətirib çıxaracağı anlamına gəlmir:
“Rusiyanın da böhran şəraitində müəyyən institusional dayanıqlıq nümayiş etdirəcəyinə şübhə yoxdur. Konkret “bölüşdürülmə” ideyası praktik baxımdan mövcud beynəlxalq hüquq prinsipləri ilə uyğun gəlmir. Müasir dünya nizamında ərazi dəyişiklikləri yalnız müharibə yolu ilə deyil, həm də ciddi beynəlxalq legitimlik böhranı ilə müşayiət olunur ki, bu da qlobal sabitlik üçün ciddi risk yaradır. Buna görə də böyük güclər daha çox təsir zonaları, iqtisadi əlaqələr və regional əməkdaşlıq mexanizmləri üzərindən rəqabət aparırlar, birbaşa ərazi paylaşım modelindən deyil”.
Rəşad Bayramov qeyd edib ki, hazırda Çin, ABŞ və Aİ üçün Rusiya ilə bağlı əsas məsələ onun kimə məxsus olacağı yox, hansı vəziyyətdə daha az risk yaradacağıdır:
“Çin enerji, sərhəd sabitliyinə, Avropa təhlükəsizlik və miqrasiya risklərinə, ABŞ isə qlobal güc balansına üstünlük verir. Bu səbəbdən hər üç aktor üçün əsas məqsəd Rusiyanın idarəolunan qalması və nəzarətsiz parçalanma ssenarisinin qarşısının alınmasıdır”.
Ləman İmran
Globalinfo.az