Kremldən yeni nüvə hədəsi yayıldı: üçüncü dünya savaşı gerçəkləşə bilər

Rusiyanın sabiq prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev deyib ki, Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək. Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.

D.Medvedyev söyləyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.

Keçmiş prezidentin əvvəllər də bir neçə dəfə oxşar bəyanatları səsləndirməsi diqqət çəkir. Müxtəlif müstəqil analitiklərin və institutların fikrincə belə bir ehtimal çox azdır.

Maraqlıdır, Kremlin nüvə müharibəsi ilə bağlı təhdidləri blefdir, yoxsa reallığı əks etdirir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiyanın hərbi arsenalında nüvə silahı olsa da rəsmi Moskvanın bu və ya başqa formada bu silahdan istifadə etməsi real deyil:

Tural İsmayılov

“Nəzərə almaq lazımdır ki, bu silah tarixdə cəmi bir dəfə istifadə edilib və ikinci bir istifadə örnəyi yoxdur. Digər tərəfdən, bu silahın istifadə edilməsi qeyd-şərtsiz üçüncü dünya müharibəsinə səbəbə ola bilər.

Üçüncü dünya müharibəsinin başlaması isə faktiki olaraq Rusiyanın sonu deməkdir. Ən yaxşı halda rəsmi Moskva belə genişmiqyaslı bir müharibədə dağıntılara məruz qala bilər.

O ki qaldı Dmitri Medvedyevin dili ilə verilən şantaj mahiyyətli mesajlara, bu, blefdən başqa bir şey deyil”.

Politoloq qeyd edib ki, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətə yaxınlaşması Kreml daxilində bəzi qüvvələrin nüvə silahından istifadə edilməsi istəyini artırıb:

“Nə qədər ki, mövcud hakimiyyət və siyasi sistem Rusiyanı idarə edir və edəcək, bu risk hər zaman olacaq. Onsuz da müharibə bu və ya başqa formada dünya siyasi sisteminə ərzaq bahalaşmasına, qida çatışmazlığına təsir edib. Nüvə silahının istifadəsi fonunda dünya daha ciddi problemlər ilə üzləşə bilər.
Hesab edirəm, bu dəhşətli ssenari ilə üzləşmədən öncə Rusiyanı zərərsizləşdirmək lazımdır. Bunun üçün daha effektiv işlər görülməlidir”.

Turan Rzayev
Globalinfo.az