Qarabağ azaddır: Konstitusiyada dəyişiklik ola bilər – ANONS

Ordumuzun keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazilərində nəzarəti bərpa etdi. Ötən gün isə Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edildi. Qondarma rejimin “prezidenti” Samvel Şahramanyan bununla bağlı “fərman” imzaladı.

Maraqlıdır, bundan sonra nə baş verəcək? Azərbaycan mərkəzi hakimiyyəti reinteqrasiya prosesi çərçivəsində erməni əsilli vətəndaşlara hansı imtiyazları nəzərdə tutub? Azərbaycanda konstitusiya islahatı keçirilə, referendum ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror tədbirləri uğurla nəticələndi:

Elman Nəsirov

“Regionda növbəti tarixi reallıqlar yarandı. Artıq Azərbaycanın bütün ərazilərində suveren hüquqlarımız təmin edilib. Xankəndidə Azərbaycan polisinin hərəkət etdiyinə dair kadrların şahidi oluruq. Yaxın zamanda Azərbaycan bayrağının Xankəndi və digər ərazilərdə ucalacağını görəcəyik.

Hesab edirəm, hazırda mühüm məsələ ermənilərin reinteqrasiyasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin bu barədə dəqiq, konkret, prinsipial mövqeyi var. Erməni əsilli şəxslər də Azərbaycan vətəndaşıdır və reinteqrasiya olmalıdır. Lakin bu o demək deyil ki, biz onların məcbur qalmasını təmin etməliyik, xeyr. Onlar azaddırlar və istədikləri ölkəyə istədikləri kimi gedə bilərlər.

Azərbaycanda qalan və vətəndaşlığı qəbul edən ermənilərə konstitusiyamızda göstərildiyi kimi dil, din, seçki kimi azadlıqlar veriləcək. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan çoxmillətli ölkədir və digər etnik azlıqlar kimi ermənilər də cəmiyyətin parçası ola bilər”.

E.Nəsirov deyib ki, reinteqrasiya prosesi çərçivəsində portal xidmətə verilib:

“Azərbaycan vətəndaşlıq almaq istəyən erməni əsilli şəxslər üçün bütün imkanları və şəffaflığı yaradıb. Bu istiqamətdə portal belə istifadəyə verildi. Bununla həmin şəxslər reinteqrasiya şərtləri ilə tanış ola bilər və vətəndaşlıq üçün müraciət edə bilər. Cənab Prezidentin 20 sentyabrda xalqa müraciət zamanı dediyi kimi, ermənilərin bütün hüquq və azadlıqları təmin ediləcək. Yeni reallıqlar çərçivəsində konstitusiya dəyişiklikləri ola, istiqamətdə referendum keçirilə bilər”.

Turan Rzayev
Globalinfo.az