Ceyhun Bayramov Konqo XİN rəhbəri ilə görüşdü – YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Jan-Klod Qakosso arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və s. üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlər və təmasların əhəmiyyəti qeyd olunub.

Ölkəmizin QH-ya sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Cari ildə COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesi, hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Görüş zamanı nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.

Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini qeyd ediblər.

Nazir Jan-Klod Qakosso Azərbaycana səfərindən məmnunluq duyduğunu, Azərbaycan və Konqo arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***13:40

Azərbaycan xarici işlər naziri Bayramov Ceyhun və Konqo xarici işlər naziri Jan-Klod Qakosso arasında geniş tərkibdə görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər və COP29-a hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Konqo XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB Ceyhun Bayramov Konqo XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

***13:00

Konqonun xarici işlər naziri Jan-Klod Qakosso (Jean-Claude Gakosso) Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, onu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.