Konqo, Ruanda və Burundidə müstəmləkəçilik dərin yaralar buraxıb. Bu ölkələrdə sistemli iqtisadi istismar, kütləvi zorakılıq, yerli cəmiyyətlərin və institutların məhvinin nəticələri bu gün də hiss olunur.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, müstəmləkəçiliklə mübarizə şəxsi fikrə deyil, çoxsaylı tədqiqatçılar, hüquqşünaslar və beynəlxalq qurumlar tərəfindən sənədləşdirilmiş və tanınmış tarixə əsaslanır:
“Bizi bu gün bir araya gətirən məsələ artıq bu ədalətsizliyin mövcud olub-olmaması deyil. Əsas sual budur ki, beynəlxalq ictimaiyyət, aidiyyəti dövlətlər və Belçikanın özü həqiqi tanınma və konkret təzminat istiqamətində necə addımlar ata bilər. Buraya restitusiya, kompensasiya və belə halların bir daha təkrarlanmamasına dair təminatlar daxildir”.
Abbas Abbasov əlavə edib ki, təzminatların Konqo, Ruanda və Burundi xalqlarına bu müstəmləkəçilik irsinin öhdəsindən gəlməyə, daha güclü və daha zəngin ölkələr qurmağa kömək edəcəyinə inanır:
“Ən əsası isə bu, ölkələrin ləyaqətlə irəliləməsinə, daha yaxşı gələcək qurmasına və dünyanın digər ölkələri ilə bərabər mövqedə dayanmasına şərait yarada bilər.
Bu gün konfrans çərçivəsində biz müstəmləkəçilik təzminatlarının təmin edilməsi üzrə yol xəritəsinin yekun layihəsini müzakirə etmək imkanına malik olacağıq. Bu sənəd bugünkü tədbirin mühüm nəticələrindən birinə çevrilə bilər”.