konkret loqo

Bu gün Konkret.az saytının yaranmasında 4 il ötür.

Globalinfo.az Konkret.az-la bağlı elə saytın öz baş redaktoru Fadil Paşeyevin fikirlərini təqdim edir:

“Bayram bayrama qarışıb. İndi də növbə özümüzündür. 4 yaşımız tamam olur. 2019-cu ilin iyulun 2-dən Konkret.az ünvanında görüşdük.

1996-cı ildən “168 saat”, 1999-cu ildən “Azad Azərbaycan” qəzetlərində mətbuatın intibah dövründə çalışanda ağlıma da gəlmirdi ki, nə vaxtsa təsis edəcəyim media orqanının adı məhz “konkret” olacaq. 13 il AzTV-də çalışdıqdan sonra nəhayət qərara gəldim ki, müstəqil fəaliyyət göstərim. Bunun üçün düz iki il araşdırma apardım. Təcrübədən dolayı fikirləşdim ki, xeyli media orqanları sırasında biz öz sözümüzü deyə biləcəyikmi? Az imkanlar hesabına qarşımıza qoyduğumuz ilkin hədəflərə çata biləcəyikmi? Sözün açığı, bu gün də hesab edirəm ki, hələ görüləcək işlər çoxdur. Qüsurlar da var. Fəaliyyətimizdə peşəkarlıq və təcrübə əsas olsa da, gözlə görünməyən, ancaq media nümayəndələrinin bildiyi detallar da nəzərdən qaçırılmır. Bəzən çətinliklərlə də qarşılaşırıq. Mənbələrdən məlumat toplamaq bəzən dünyanın qaynar nöqtələrindən reportaj hazırlamaqla müqayisədə çox çətin görünür bizə. Amma biz bu reallıqla da barışmışıq. Elə olub ki, ölkə gündəmini zəbt edə biləcək informasiyaya sahib olmuşuq. Lakin dərc etməkdən çəkinmişik. İçimizdəki senzura, peşə kodeksindən irəli gələn məqamları əsas gətirərək belə məlumatları ictimailəşdirməyi özümüzə rəva görməmişik. Amma çox arzulayırıq ki, media azadlığı bundan sonra da inkişaf etsin.

Çünki bu, elə bir prosesdir ki, dayana bilməz. Dayanmamalıdır da. Azad media Dövlətimizə lazımdır. Bunu əsl dövlət adamları çox yaxşı anlayır.

Nə isə, çox başınızı ağrıtmayım, KONKRET.az bütün bunların fonunda üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır. Dünyada heç nə əbədi deyil. Amma bir onu bilirəm ki, konkretçilərin fədakarlığı nəticəsində Azərbaycan durduqca bizim onlayn media da yaşayacaq. Bu arzu ilə də bütün konkretçiləri və oxucularımızı təbrik edirəm.”

Globalinfo.az kollektivi olaraq Konkret.az-da çalışan həmkarlarımızı təbrik edirik və onlara uğurlar arzulayırıq!

Paylaş: