Komitə sədrindən 13 yaşlı qızın evdən qaçmasına reaksiya

“Tovuz rayonunda azyaşlının evdən qaçması faktı aşkarlandıqdan sonra qurumlararası müvafiq əlaqələndirilmiş fəaliyyət həyata keçirilməkdədir. İlk növbədə onu qeyd etmək istərdim ki, bu hadisə yenə də sosial şəbəkə üzərindən yaranan “münasibətlər” çərçivəsində baş verib. Faktın özü bir daha bu məkanda cəmiyyət və ailələrimiz, eləcə də uşaq və gənclərimiz üçün kifayət qədər təhlükəli məqamların olduğunu göstərir. Odur ki, ilk növbədə azyaşlıların üzərində müvafiq nəzarət tədbirləri gücləndirməlidir. Bu nəzarət uşaqların hüquqları pozulmadan, onların inkişafına maneə törədilmədən həyata keçirilməlidir”.

Globalinfo.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Tovuz rayonunun azyaşlı sakininin ailə qurmaq məqsədi ilə evdən qaçmasına münasibət bildirərkən söyləyib.

Bahar Muradova bildirib ki, uşaqlara qarşı diqqətsizlik, bəzən də valideynlərin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən belə xoşagəlməz faktlarla rastlaşırıq.

“Amma o da sirr deyil ki, bir sıra hallarda yetkin yaşda olan şəxslər bilərəkdən və məqsədli olaraq azyaşlılara qarşı təhlükə törədən hərəkətlərə yol verirlər. Bu, qəbuledilməzdir.

Təəssüf ki, məlum hadisə zamanı da yaşlı bir şəxs tərəfindən aşkar cinayət kimi xarakterizə olunan hüquqazidd əməl baş verib. Çünki uşaq bilməsə də, o bilirdi ki, qanun bu əməli qadağan edir. Odur ki, haqlı olaraq müvafiq dövlət qurumları bununla bağlı addımlar atıblar və artıq cinayət işi açılıb. Əmin olun ki, təqsirkar layiqli cəzasını alacaq”, – deyə Bahar Muradova söyləyib.

Komitə sədri belə hallarda əsas məqsədin təkcə bir nəfərin cəzalandırlmasından ibarət olmadığını, qabaqlayıcı və profilaktik tədbirlərin artırılmasının, hüquqi maarifləndirmənin vacibliyini bildirib. Həmçinin qeyd edib ki, uşaqlar heç vaxt nəzarətdən kənarda qalmamalı, hər zaman xüsusi diqqət, qayğı və himayə ilə əhatə olunmalıdırlar. Ailə, məktəb və müvafiq qurumlar bu məsələlərə mənəviyyat və hüquq çərçivəsində yanaşmalıdırlar.

“Görünür ki, ailədaxili münasibətlərdə, azyaşlının özünü psixoloji durumunda müəyyən dəyişikliklər var ki, bu cür hallar yaşanıb. Bu baxımdan biz Dövlət Komitəsi olaraq aidiyyəti vəzifələrimizi icra edəcəyik. Həmin ailə psixoloji dəstək alacaq. Hazırda qızın ailəyə qaytarılması prosesində də nümayəndələrimiz iştirak edirlər. Onu da qeyd edim ki, azyaşlı və ailə üzvlərinin şəxsi məlumatlarının təfərrüatınadək yayılması və publik müzakirəsi yolverilməzdir. Aydındır ki, bu, ilk olaraq onun itkin düşməsi səbəbindən baş verib. Amma bundan sonra həmin faktla bağlı məlumatların yayılmasında diqqətli olmaq lazımdır. Əlbəttə ki, müvafiq qurumlar öz tədbirlərini görəcəklər. Bir daha valideynlərə tövsiyəm ondan ibarətdir ki, daim öz övladlarının yanında olsunlar”, – deyə Bahar Muradova söyləyib.