Regional münaqişə riski çox yüksəkdir – İrana xəbərdarlıq

Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, tərəflər Qırmızı dənizdə gəmilərin təhlükəsizliyi, həmçinin Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

H.Abdullahian Qəzza, İordan çayının qərb sahili və regionun təhlükəsizliyinin bir-biri ilə əlaqəli olduğunu, müharibənin çıxış yolu olmadığını deyib:

“Hərbi əməliyyatların qarşısının alınmasının və davamlı sülhün  bərqərar edilməsinin yeganə yolu münaqişənin səbəblərini aydınlaşdırmaqdır. Böhranların həllində qərarlı olmaq vacibdir. Qəzzada İsrail-Amerika soyqırımına son qoyulmalıdır”.

K.Kolonna isə İran XİN başçısına regiondakı vəziyyətlə bağlı xəbərdarlıq etdiyini bildirib:

“Mən Hüseyn Əmir Abdullahiana zəng edərək ona çox aydın bir mesaj verdim. Regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb. İran və müttəfiqləri sabitliyi pozan hərəkətləri dərhal dayandırmalıdırlar. Eskalasiyanın heç kimə faydası yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az