Köhnə qvardiyanın “yarpaq tökümü” – Rafael Allahverdiyevdən Fazil Məmmədova kimi

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov 4 noyabr 2022-ci il tarixində Türkiyədə ürək çatışmazlığından vəfat edib. Onun cənazəsi noyabrın 5-də Bakıya gətirilərək torpağa tapşırılıb.

F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Mərhum dövlət başçısı Heydər Əliyevin və prezident İlham Əliyevin rəhbərliyi altında çalışmış sabiq məmurlardan bir neçəsi hazırda həyatda yoxdur. Köhnə komandanın “yarpaq tökümü” bir neçə il öncədən başlayıb. Əksəriyyəti də Vətəndən kənarda müalicə aldıqları bahalı xəstəxanalarda həyatlarını itirib.

Globalinfo.az sabiqlərdən bir neçəsinin ölüm tarixini və səbəbini təqdim edir:

Öncə Rafael Allahverdiyevdən başlayaq.

R.Allahverdiyev 1993-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. O, Heydər Əliyevdən vəzifə alan ilk “91-lər”dəndir. Rafael Allahverdiyevə belə yüksək vəzifə verilməsi, ona bu cür etimad göstərilməsi təsadüf deyildi. R.Allahverdiyev Heydər Əliyevə sadiq şəxslərdən biri kimi mükafatlandırılmışdı. H.Əliyev 1991-ci ildə Moskvadan Azərbaycana qayıdanda o vaxtkı prezident Ayaz Mütəllibov və tərəfdarları Heydər Əliyevə qarşı mənəvi, siyasi təqiblərə, təzyiqlərə start verdilər. Onun Naxçıvandan Bakıya gəlməsinə müxtəlif maneçiliklər törədilirdi. Həmin vaxtlar Heydər Əliyevin ən yaxınında olan şəxslərdən biri R.Allahverdiyev olub. Sonralar Allahverdiyev hakimiyyətə qarşı bəzi oyunların içində rol aldığı üçün gözdən düşdü. 2000-ci ilin noyabrında isə tutduğu vəzifədən azad edildi.

Sonralar R.Allahverdiyev gizli və qanunsuz yollarla ölkəni tərk etdi. 2004-cü ildən vəfat edənə kimi İsveçrədə yaşadı. R.Allahverdiyev 2009-cu ilin yanvar ayında İsveçrədə dünyasını dəyişdi. Bakıda dəfn olunub.

 

Köhnə qvardiyanın ən məşhur və ziddiyyətli simalarından biri də Sirus Təbrizli idi. S.Təbrizli də Rafael Allahverdiyev kimi Heydər Əliyevə sadiq şəxslərdən biri kimi tanınıb. H.Əlieyevin hakimiyyətə qayıtması üçün ciddi fəaliyyət göstərib. “91-lər”in ən fəal üzvü olub. Sirus Təbrizli 1997-2000-ci illərdə mətbuat və informasiya naziri vəzifəsində çalışıb. 7 sentyabr 2013-cü ildə Xaçmaz rayonundakı evində dünyasını dəyişib.

1993-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində işləmiş, 2005-ci ildə Sənaye və Energetika naziri təyin olunan Natiq Əliyev də köhnə komandanın ən populyar üzvlərindən biri kimi yadda qalıb. Natiq Əliyev Heydər Əliyevin vəzifəyə təyin etdiyi ilk məmurlardan olub. 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişdikdən və H.Əliyev ikinci dəfə respublika rəhbərliyinə qayıtdıqdan sonra Natiq Əliyev ARDNŞ prezidenti təyin edildi. N.Əliyev 8 iyun 2017-ci ildə İstanbulda 69 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

2006-cı ildə Müdafiə Sənayesi naziri vəzifəsinə təyin olunan Yavər Camalov 23 iyun 2018-ci ildə İsraildə xərçəngdən dünyasını dəyişib. Xatırladaq ki, Yavər Camalovun  oğlu Rövşən Camalov da atasından bir il əvvəl 44 yaşında Türkiyədə eyni xəstəlikdən vəfat edib.

2006-cı ildə Gənclər və İdman naziri vəzifəsinə təyin olunan Azad Rəhimov ağciyər xərçəngindən və qaraciyər sirrozundan müalicə alıb. O, 30 aprel 2021-ci ildə Nyu-Yorkda həyatla vidalaşıb. Həmin ilin 2 may tarixində İkinci Fəxri Xiyabanda dəfn olunub.

Köhnə komandanın əksər üzvü hazırda həyatdadır. Baxmayaraq ki, bir çoxunun yaşı 80-i keçib, ya da o həndəvərdədir. Amma sağlamlıqları yerindədir.

Prezident İlham Əliyev 2018-ci ilin aprel ayında üçüncü dəfə prezident seçildikdən sonra bütün sahələrdə islahatları dərinləşdirdi. Bir neçə yüksək vəzifəli məmur həmin il vəzifədən çıxarıldı. 2019-cu ildən isə Prezident Administrasiyasında, Nazirlər Kabinetində, hüquq mühafizə orqanlarında vəzifədə təmsil olunan xeyli məmur istefaya göndərildi.

Zaira Akifqızı, Globalinfo.az