Köçəryan və Sərkisyanı saxlamayan Rusiya Kamil Zeynallını niyə saxladı?

Kamil Zeynallının Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında saxlanılması ciddi şəkildə müzakirə edilir.

Bəzi ekspertlər hadisədən sonra Rusiyaya səfərlərin təhlükəli olduğunu qeyd edirlər. Hətta Ermənistan əleyhinə çağırışlar edən, habelə İkinci Qarabağ müharibəsində iştirak edən hər kəsin Rusiyada həbs təhlükəsi altında olduğunu bildirənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəlidir:

“Bu həm də Rusiyanın sərgilədiyi ikili standartdır. Belə ki, Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər bu gün sərbəst şəkildə Rusiyaya daxil olur. Hətta bu şəxslər Moskvada görüşlər keçirir, təlimat alır və rahatlıqla geri qayıdırlar.

Elxan Şahinoğlu

Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan Prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər. Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır. Halbuki bu gün Rusiya ilə Azərbaycan arasında Moskva Bəyannaməsi var. Yəni Kreml Azərbaycanla bu sahədə əməkdaşlıq etməli, Köçəryan, Sarkisyan kimi şəxsləri səfər edərkən saxlayıb bizə verməlidir”.

Turan Rzayev
Globalinfo.az